Transmilli fast-food şirkətlərin Azərbaycanda françaiz əsasında fəaliyyət göstərən filiallarının sosial media səhifələrində Qarabağ mövzusunda ölkəmizə dəstək nümayiş etdirib daha sonra həmin mövzulu paylaşımları silərək geri addım atması ölkədə birmənalı qarşılanmadı. Bu kafelər özlərinə neqativ təəssürat yaratdılar. Hətta insanlar onları boykot etməyə çağırdılar.
Bəs, bu kommunikasiya böhranı niyə yarandı və necə həll etmək olar?
I) İLK SƏHV – MÜHARİBƏ MÖVZUSUNDA TƏRƏFLƏRDƏN BİRİNƏ DƏSTƏK MESAJI ÖTÜRMƏK
Bu tip şirkətlər normalda siyasi, iqtisadi, sosial, hərbi və s. istənilən sahədəki mübahisəli mövzularla bağlı münasibət bildirmirlər. Tərəflərdən birinin bariz haqlı olub-olmamasından asılı olmayaraq. Biznes maraqları və siyasi səbəbləri var.
II) NEYTRAL, BEYNƏLMİLƏL MESAJ VERMƏK LAZIM İDİƏgər mövzunu görməzdən gəlmək olmursa, mütləq bir reaksiya verilməlidirsə maksimum neytral, beynəlmiləl, humanitar aspektdən yanaşa bilərlərdilər. Məsələn müharibəni, terroru lənətləyə bilərlər, zərər çəkən mülki şəxslərin acısını paylaşa bilərlər. Yenə tərəf kimi yox, hər hansı insanın dərdini paylaşan kimi.
III) GERİ ADDIMDAKI QEYRİ-SƏMİMİYYƏT
Beynəlxalq sferada ermənilərin təzyiqi ilə transmilli şirkət ənənələrinə (mövqesizlik) dönməli olan fasd-food şəbəkələrinin Azərbaycan filialları ölkəmizə dəstək paylaşımlarını sildi və geri addımını əsaslandırmağa çalışan, lakin dəqiq izah verə bilməyən açıqlama paylaşdılar. O cür paylaşımların şirkətlərinin əsas amalına uyğun olmadığını əsas gətirdilər. Bəs paylaşarkən bu uyğunsuzluqdan xəbərləri yox idi? Axı müharibə başlayan gündən etibarən 1 ay ərzində olub paylaşımlar.
IV) ÇIXIŞ YOLU – #BÖHRAN_KOMMUNİKASİYASI
Olan olub. Bu restoranlardan narazı qalan insanlar onları boykot edir. Bəs indi nə etməli? Məncə, bundan sonra həm müharibəni, həm onlardan bərk inciyən insanları görməzdən gəlmək düzgün olmaz.
Bunun üçün…
1) Növbəti – insan mərkəzli paylaşımlar edə bilərlər. Müharibə əleyhinə, sülhpərvər mesajlar verib insan tələfatı barədə üzgün olduqlarını, terrora qarşı olduqlarını bildirmək olar. Axı bütün dünya terrora qarşıdı, bu cür açıqlama beynəlxalq aləmin və erməni lobbisinin tənqidinə məruz qalmaz. Zatən ermənilər buna etiraz etsə özlərini terrorçu kimi gördüklərini ifadə etmiş olarlar. Anti-terror və sülhpərvərlik Azərbaycanın da mövqeyi ilə uyğun olduğu üçün bizim vətəndaşların da könlünü almış olar.
2) Korporativ Sosial Məsuliyyət – #KSM Ümumiyyətlə insanların çətin günlər keçirdiyi ərəfədə biznes qurumlarının əlində onlara çox gözəl sosial dəstək forması olan KSM kimi bir vasitə var. Bu fast-foodçular müharibədən zərər çəkən insanların qayğısına qalmağa xidmət edən layihələr icra edə bilərlər. Şəhid ailələrinə dəstək edilsə ola bilsin ki, yenə tərəf tutmaq kimi yozula bilər amma Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Göygöl kimi şəhərlərdə müharibədən zərər çəkən mülki şəxslərə yardım daha neytral xeyriyyə addımı ola bilər. Məsələn, müharibə zamanı evləri dağılan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına dəstək ola bilərlər. Məsələn, valideyinlərini itirən uşaqları himayəyə götürə bilərlər. Məsələn, bu ailələrin üzvləri üçün təhsil təqaüdü ayıra bilər. Məsələn, yaralı mülki şəxslərin müalicələrini maliyyələşdirə bilər. Məsələn, Göygöldə yanmış meşəliyin bərpasını öz üzərlərinə götürə bilərlər. Məsələn özləri başqa alternativ ideyalar barədə düşünə bilərlər.
P.S. Bütün bunlara baxmayaraq, bəzən transmilli şirkətlər də risk alaraq hansısa mövqeyi dəstəkləyir. Bu zaman yaşana biləcək problemləri gözə alır. Bəzən isə aldığı riskin nəticələrinə tab gətirə bilməyib geri addım atır. Bu zaman isə geri addımın risklərini gözə almalı olur. Görünür, bu şirkətlərin analizinə görə belə hesab ediblər ki, Azərbaycanlı müştərilərinin boykot etmə riski digər risklərdən ən az təhlükəli olandır.