26 yanvar 2019-cu il tarixində “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” adlı tədbir keçirildi. Azərbaycandan və qonşu ölkələrdən olan ictimaiyyətlə əlaqələr sahəsində çalışan ən qabacıl ekspertlərin yeni fikirlərini eşitmək və müzakirələrinə şahidlik etmək məqsədilə tədbirdə iştirak etdim. Amma…

Qeyri-PR-çılar PR-çılara ağıl verdi
Təşkilatçıların dəvət etdiyi çıxışçıların bir qisminin PR-a aidiyyatı yox idi. Tamamilə fərqli sahələri təmsil edən şəxslər yüzlərlə PR mütəxəssisinin qarşısında öz dayaz PR bilikləri ilə nitq söylədilər. Yordular, intellektimizi təhqir etdilər. Bu, təşkilatçılar tərfindən auditoriyaya qarşı hörmətsizlik idi.
Təşkilatçılara sual edirəm: Türkdilli ölkələr coğrafiyasından 6-7 nəfər PR bilicisi tapılmadımı ki ictimaiyyətlə əlaqələrlə əlaqəsi olmayan adamlar PR-ın problemlərini müzakirə etmək üçün səhnəyə çıxdı?
Həmin qeyri-PR sahəsindən olan şəxslərə də sual edirəm: bəlkə, təşkilatçıların sizə hansısa borcları var idi, özlərini bağışlatmaq üçün bir jest ediblər, bəlkə sizdən işi keçəcək deyə üz edib çıxışçı kimi dəvət ediblər. Bəs siz özünüz forumda çıxışçı olmaq cəsarətini haradan tapdınız?
Foruma getdim, seminara düşdüm
Bəzi çıxışçılar isə sanki institut tələbələrinə “PR-a giriş” fənnindən ilk dərsi keçirdilər. PR nədir, neçə növü var, PR strategiyası necə yazılır filan mövzularında mühazirə deyirdilər. Forumla təlimi qarışıq salan bu cəsarətlilər də bu formada dinləyicilərin zamanını oğurlayıb, yuxulamasına səbəb oldu.
Ümumiyyətlə, bu problem demək olar ki ölkədə keçirilən bütün forum tipli tədbirlərin hamısında yaşanır. Həmin insanlar birdəfəlik başa düşməlidirlər ki, forum iştirakçıları həmin sahənin biliciləri olurlar. Onlara sıfırdan dərs keçməyə ehtiyac yoxdur.
Yuxarıdakılardan əlavə, çıxışçıların biri sadəcə öz iş yeri barədə təqdimat etdi. Digəri ümumiyyətlə çıxış nitqi hazırlamamışdı.
Sponsorsuzluq
Əksər sponsor və dəstəkçilər isə forumun adına, mahiyyətinə, sanbalına heç yaraşmırdı. Hansısa kurs, hansısa tərcümə mərkəzi, hansısa restoran, hansısa çap şirkəti… Hiss olunurdu ki, sadəcə öz xidmətlərini pulsuz və ya güzəştli etdikləri üçün loqoları brandwall-lara, monitorlara, təqdimatlara vurulmuşdu. Ayıb oldu.
Bəzi pluslar
Yaşanan problemlərlə yanaşı tədbirin yaxşı tərəflərini də qeyd etməliyəm. Ümumiyyətlə, bu cür nəhəng forumu təşkil etmək cəsarətinə sahib olduqlarına və tədbiri keçirə bildiklərinə görə, təşkilatçılara təşəkkür düşür. PR camiəsi üçün ciddi və əhəmiyyətli hadisədir.
Aparıcı seçimi də uğurlu idi. Adət etdiyimiz kimi hansısa məşhur aparıcını tədbirə dəvət etməkdənsə forumun idarəçiliyinin jurnalistika, xüsusilə TV aparıcılığı təcrübəsi olan PR mütəxəssisə həvalə edilməsi gözəl nəticələndi. Mövzulara bələd olan aparıcı çıxışlara uyğun təqdimat və giriş verə, ara-sıra verdiyi suallarla mövzunun açılmasına kömək edirdi.
Çıxışçıların 30-40%-i gözləntiləri doğruldan faydalı məlumatlar verdi və PR sahəsində problemlərdən və həll yollarından danışdılar. Onlara da təşəkkür edirəm.
P.S.
Hər birində 4 mütəxəssisin çıxış etdiyi 3 panelin mövzuları aşağıdakı kimi idi:
- Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri
- Ölkə brendi və PR
- Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər
Forumun biletlərinin qiyməti 50-120 manat arasında idi.