Adı çıxmış limonad
“Tac” şirkəti ötən il bazara dəmir bankalarda “Gülüstan” adında limonadlar çıxarıb marketoloqlara payladı və hədiyyə sahibləri yeni məhsulu paylaşaraq təriflədilər.
Həmin vaxt yeni məhsulun adlandırmasının uğursuz olduğu ilə bağlı sosial media ilə fikrimi paylaşdım və yeni məhsulun uğurlu olacağını deyib hədiyyələrinin fotolarını paylaşan yoldaşların paylaşımlarında da şərh yazaraq əksi olacağını qeyd etmişdim.
Demişdim ki, dəmir bankada limonad ideası gözəldir. Yenilikdir. Bu qablaşdırmadakı limonad öz sələfi – pet butulkalardakı, dadı və keyfiyyəti ilə “Yupi” tipli toz içkiləri xatırladan “Gülüstan”lardan fərqlənir. Lakin, görünüş və keyfiyyət baxımından yeni olan məhsula neqativ imici ilə tanınan “Gülüstan”ın adını qoymaq bazarda uğur qazanmasına mane olacaq. “Valideyin” “Gülüstan”lar qiymətinə görə öz hədəf auditoriyasını tapa bilib. Lakin daha baha qiymətə satılan bankadakı limonadları pet butulka “Gülüstan”ı alan şəxslər ala bilməyəcək, daha keyfiyyətli limonad içən şəxslər isə “Gülüstan” adında limonadın heç keyfiyyətini yoxlamağa risk etməyəcək.
Həmin zaman banka “Gülüstan”ları reklam edən marketoloqlar mənimlə razılaşmamışdı. Bildiyim qədəri ilə “Tac” şirkətinin, “Gülüstan” brendinin məsul şəxsləri də mənim yazdıqlarıma görə narazı olmuşdular.
Lakin, hər şey məntiqəuyğun oldu və “Gülüstan” adlı dəmir bankalardakı limonadlar bazarda yer tapa bilmədi. Və mən bugün həmin limonadları marketdə “Şahdağ” adında gördüm. Adı dəyişmək doğru qərardı. Lakin, yenə öz “ləpirlərini” “Şahdağ”ın üzərində saxlayıblar. Dizayn elementləri, hətta “Şahdağ” sözünün şrifti eyni qalıb, yazılış, görünüş yenə “Gülüstan”ı xatırladır.
Maraqlıdır, yeni adda, köhnə libasdakı limonadla müştəriləri “aldada” biləcəklərmi? Yoxsa, insanlar “Şahdağ” yazılı “Gülüstan”ı tanıyacaqlarmı? Məncə, nəticə az fərlənəcək.
