Qarşı tərəfə ancaq at arabası ilə getmək olar. Başqa cür qoymurlar. Biz də yolumuza qədim zamanlardakı kimi at arabası ilə başladıq… Köhnə və cırıq geyimdə olan arabaçı bilmirəm, dolanışığınamı, ya yağışılı havayamı deyinə-deyinə qabırğaları sayılan atı qamçılayır…
Təxminən kilometr yarım yolun 800 metri 2 araba enində körpüdən ibarətdi. At arabası palçıqlı, gölməçəli, uçuq yolla irəliləyir. Arabaçının dediyinə görə, bu yol 20 ildən çoxdu təmir olunmur. Yoldakı çuxurlar onsuz da halsızlıqdan ölən atın arabanı dartmasını daha da çətinləşdirirdi. Araba çuxura düşüb-çıxdıqca biz də içəridə atılıb-düşürdük.
Atıla-atıla gəldik çatdıq qarşı tərəfə. Yükümüzü boşaldıb, bizi qarşılamalı olan adamları axtarırıq. Lakin yoxdurlar və olmamalı imişlər də. Sən demə, köhnə at arabası bizi keçmişə gətirib…
“Sərhəd”
Bura Qara dənizin Şərq sahilləridir. Dünyanın bütün ölkələri buranı Gürcüstanın bir hissəsi – Abxaziya vilayəti kimi tanıyır. Rusiya, Venesuella, Nikaraqua isə Abxaziyaya ölkə deyir…
Abxaziyaya 2 yerdən daxil olmaq mümkündü. Birincisi, Rusiya ilə həmsərhəd olan Psou şəhərindən. Psoudan Abxaziyaya keçərkən pasportuna möhür vurulmuş şəxs artıq dünyanın heç bir ölkəsinə buraxılmır. Əlbəttə, Abxaziyanın müstəqilliyini tanıyan 3 ölkədən başqa.
İkincisi, bizim istifadə etdiyimiz yolla – Gürcüstanın Zuqdidi şəhəri ilə qonşu olan Qali şəhərinin İnquri kəndindən (Abxazlar və ruslar şəhəri Qal, kəndi İnqur adlandırır. Gürcülərin samitlə bitən isimlərin sonuna əlavə etdiyi “i” hərifini oxumurlar). Zuqdidi şəhərindən Abxaziyaya keçmək üçün əvvəlcə gürcü sərhədçilərin yoxlanışından keçmək lazımdı. Ancaq xüsusi dəvətlə Abxaziyaya çağrılmış şəxslər “sərhəd”dən buraxılır.
İki “sərhəd postu” arasında 1 kilometrdən artıq məsafə var. Həmin yolu ya piyada, ya at arabası ilə getmək olar. Qalan heç bir nəqliyyat vasitəsi ara məsafədə hərəkət edə bilməz. Digər vasitələrin “sərhədlər” arasında hərəkəti qadağandır. Yalnız ambulanslar Abxaziyadan Gürcüstanın Zuqdidi şəhərinə xəstə daşıya bilər (xəstə daşıma istiqamətinin bu cür olmasının səbəbi daha sonra aydınlaşacaq).
İnquridəki sərhəd məntəqəsinə yaxınlaşdıqca uzaqdan Rusiyanın bayrağı görünür, tanınmamış ölkənin tanınmamış bayrağı isə gözə dəymir. “Sərhəd post”unda Abxaziya sərhədçiləri yoxlamalardan sonra “ölkəyə” keçməyimizə icazə verir. Burada Abxaziyanın da bayrağı var.
Jurnalist kimi gəldiyimizi isə bildirmirik. Çünki jurnalistlər adətən Abxaziyaya buraxılmır, tanınmamış ölkəyə keçidinə icazə verilsə belə, burada media nümayəndələri xüsusi izlənir, hər addımları təqib olunur.
Sərhədi keçib əvvəlcədən təyin etdiyimiz zamanda bizi qarşılayacaq adamlarla görüşməli idik. Lakin məlum oldu ki, Gürcüstanın bu hissəsində zaman 1 saat geridi. Abxaziya Moskva saatı ilə işləyir…
Elə zaman barədə anlaşmazlığa görə bizi gözləməli olan adamları biz 1 saat gözləməli olduq. Üzərimizdə olan Azərbaycan və Gürcüstan nömrələri ilə onlara zəng edə bilmirdik. Abxaziya daxilində Azərbaycan mobil operatorlarının rouminqi olmadığı üçün. Və durduğumuz yerdən 50 metr aralıda işləyən gürcü nömrəsi ilə isə Abxaziyaya və əksinə zəng etmənin qadağan olunduğu üçün. Yerli sakinlərdən birinin telefonu ilə danışa bildik. Nəhayət, bir müddət sonra həmin şəxslər gəldi və biz Abxaziyada qalacağımız evə yollandıq…
Burada təxminən 1 həftə qalacaqdıq. Abxaziyanın digər şəhərlərini gəzsək də axşamlar qayıdaraq Qalidə gecələyəcəkdik.
Müharibənin başlanması
Qalidə yataqxana və ya oxşar infrastruktur yoxdur. Əvvəllər fəaliyyət göstərmiş beşmərtəbəli mehmanxananın yandırılmış qalığı 200 metr aralıdan qaldığımız evə “paxıllıqla baxırdı”. Maddi xeyirimizi ora yox, evin sahibi Manana xalaya verdiyimizə görə.
Qali və buraya yaxın yerlərdə evlər, binalar 1993-1994-cü illərdə baş vermiş müharibə zamanı yandırılıb. Kitabların və digər sakinlərin təsdiqlədiyi, Manana xalanın danışdığı tarix parçalanma barədə bunları deyir:
Abxaziya adlanan ərazinin Qərb hissəsində əsasən abxazlar və başqa millətlər, Şərq hissəsində isə özlərini eyni zamanda həm meqrel, həm də gürcü adlandıran millət yaşayıb. Gürcüstanda meqrellərə elə gürcü kimi baxılır.
Abxazlar sovet dönəmində muxtariyyət tələb ediblər (gürcülər buna Rusiyanın tələbi kimi baxır). Gürcüstan isə buna razı olmayıb. 1993-cü ildə gürcü hərbçiləri Abxaziyaya daxil olaraq buradakıları susdurmaq və ya dərs vermək istəyib. Bu vaxt xeyli qan tökülüb və insanların qan yaddaşına ağır hadisələr həkk olunub.
Daha sonra abxazlar cavab hücumuna keçib. Xeyli meqreli öldürüb, evlərindən və Abxaziyadan qovublar. Gürcülərin evləri yandırılıb. Az sayda gürcülər Qalidə və kəndlərində qala bilib. Evində qaldığımız Manana xala yataqda xəstə yatan anasını qoyub gedə bilməyib. Meqrellər bir müddət bayıra çıxmayıb, gizləniblər.
1994-cü ildən Abxaziya rəsmi Tbilisinin nəzarətindən faktiki olaraq çıxıb. Abxazlar öz ölkələrinin müstəqilliyini elan ediblər. 2008-ci ilin sentyabrınadək heç bir ölkə bu müstəqilliyi tanımayıb. 2008-ci ilin Avqustunda Gürcüstanın Osetiya vilayətində gedən Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya Cənubi Osetiya ilə birlikdə Abxaziyanın da müstəqilliyini tanıyıb. Və sonra daha 2 ölkə bu “tanışlığ”a “hə” deyib.
1994-cü ildən sonra isə zaman keçdikcə gürcülər geri qayıdıb. İndi bu iki millət bir yerdə yaşayır. Bəzən bir-birinə hiss etdirməməyə çalışdıqları nifrətlə. Bəzən isə bərabər işlər görürlər. Abxaziyaya qayıdanlar əsasən Qali şəhərini və ətraf əraziləri seçiblər. Qali Gürcüstanın nəzarət etdiyi ərazilərə ən yaxın şəhərdir. Yeni bir müharibə başlansa, Gürcüstanın digər hissəsinə keçmək şanslarını bir növ sığortalamağa çalışıblar.
Axşama doğru sönən həyat
Başqa bəlalardan isə illərdir sığortalana bilməyiblər. Oğurluq kimi… Evə əşyalarımızı qoyub bizi dəvət edən təşkilatın ofisinə qayıtdıqda həyətdə bir neçə polis gördük. Gecə ofisə girərək 7 kompüteri oğurlayıblar. Bu hadisə son dörd gündə baş vermiş nə birinci, nə də ikinci oğurluqdur.
Dörd gündür ki, Qali şəhərində və kəndlərində axşamlar işıqları 4-5 saatlıq söndürürlər. Elektrik enerjisinə qənaət etmək üçün. Elə bu qaranlıqdan istifadə edən bəzi insanlar qara işlər görə bilirlər. İşıqlar sönən saatlarda rayonda oğurluq halları baş verir. Evlər və ofislər yarılır.
Polis isə hələ heç kimi tuta bilməyib. Yerli sakinlər çox vaxt heç polisə də müraciət etmir. “Guya necə tapacaqlar ki?! Yığırlar rayonun adı avaraya çıxmış cavanlarını şöbəyə, boyunlarına alana qədər döyürlər. Belə cinayətkar tapmaq olar?” – deyən Qali sakinləri öz təhlükəsizliklərinin qeydinə ancaq özləri qalır.
Bütün pəncərələrə dəmir barmaqlıqlar vurulub. Axşam düşən kimi hər kəs evinə girir, qapılar qıfıllanır. Bəzi evlərdə tikilən zaman həyətə açılan 2 və ya 3 qapı olsa da sonralar bu qapıların yeri də təhlükəsizlik üçün hörülüb. Bir çox insan hava qaralandan sonra qapını tanışları da döysə açmır.
İnsanlar getdikləri yerdən axşam olmamış qayıtmaq istəyirlər. Qaranlıq düşənə 1-2 saat qalmış artıq küçələr boşalır. Kənd yollarında nə adam, nə də avtomobil gözə dəyir. Əhali həmin vaxtlar soyğunçuluq və ya başqa hücumların ola biləcəyindən qorxur.
Bu qorxu hissləri bizə də keçmişdi. Hər yerdə çəkinən, səksənən, qorxan insanları gördükcə biz də qorxmağa başlamışdıq. Əlimizə fotoaparatı götürən kimi yanımızdakılar “filan yeri çəkməyin sonra şübhələnərlər” deyə məsləhət verir, qıraqdakılar isə gizlənirdilər. Dostlarımız, ümumiyyətlə, yalnız insan olmayan ərazilərdə foto çəkməyimizi istəyirdilər. Qorxurdular.
Ölümlə övlad arasında…
Daha qorxulu günlər isə müharibə illərində olub. Əvvəl gürcülər hücum edərək abxazları zorlayıb və öldürüb. Daha sonra da abxazlar oxşar əməlləri gürcülərin başına açıblar. Bu hadisələrdən sonra gürcülər Abxaziyadakı evlərinə qayıda bilmir.
İlk hücumlar zamanı ölümlə oğul arasında qalan Nadejda Nazarenko hekayəsi ilə hadisələrin acısını bölüşdü. Gürcülərin hücumu zamanı əri kəndi qorumaq üçün təpələrə çəkilmiş abxaz dəstələrinə qoşulub. Arvadına isə “gürcülər bizim evi ələ keçirsələr, sənin başına da pis oyunlar açacaqlar, al bu qumbaraları, o zaman özünü partladarsan” – deyib, 2 əl qumbarası verib.
Ailənin iki oğlundan biri əlildi. Remzi yeriyə bilmir. Onlar düşünüb ki, vəziyyət ağırlaşan zaman nənə digər oğul – Denisi götürüb qaçacaq, ana isə Remzi ilə özünü partladacaq. Ana o günləri gözü dolaraq xatırlayır:
“İndi fikirləşəndə bilmirəm necə olacaqdı. Desəm ki, “hə, partladardım özümü”, bəlkə də bu sadəcə qəhrəman görünmək üçün deyilən sözlər olacaq. Bəlkə də o vaxt buna risk edə bilməzdim, kim bilir. Amma bir şeyi dəqiq bilirəm ki, oğlumu atmayacaqdım. Bir dəfə atışmaların güclü olduğu vaxtda Remzi ilə ikimiz evdə yerdən yataraq gizlənmişdik. Remzinin qorxudan dişləri bir-birinə dəyib şaqqıldayırdı. Mənə dedi ki, “ana, sən də məni atıb gedəcəksən?…” Gözlərim doldu, ağlamaq istədim. Oğlumu qucaqlayıb, “yox, onsuz da kəndi ələ keçirsələr qaçanlar küçədə öləcək, biz isə isti yorğan-döşəyimizdə” dedim. Onu ata bilməzdim. Nə olsa, bir yerdə başımıza gələcəkdi. Amma gördüyünüz kimi, yaşayırıq…”
Gürcülərin hücumu dayandı, Remzigilin ailəsi və başqaları sağ qaldı. Bu dəfə abxazlar Abxaziyadakı gürcülərin üstünə hücuma keçdilər. Gürcüstana qarşı vuruşdular, müstəqillik tələb etdilər.
Havaya qalxan pilləkənlər
Abxaziyanın əksər rayonlarında – Qalidə, Oçamçirdə, Tkvarlçeldə, Omarişarada və başqa yerlərdə gürcülər yaşayan evlərin hamısı yandırılıb. İndi bu ərazidə gəzərkən hansı evdə əvvəllər meqrellərin yaşadığını asanlıqla tanımaq olur. O evlərdən geriyə ancaq yanmış divarlar qalıb.
Rayon mərkəzlərində, kəndlərdə, yolboyu hər yerdə xaraba qalmış evlər görünür. Əksəriyyəti ikimərtəbəli olaraq tikilmiş şəxsi evlərin ancaq sütunları qalıb, bəzənsə sadəcə daşlaşmış ərazi. Ot basmış ərazilərdə yerin bir hissəsinin dördbucaqlı şəklində “keçəl” olması – ot bitməməsi və oranın daş olması əvvəllər həmin yerdə hansısa gürcü ailəsinin yaşadığına işarədir.
Elə evlər var ki, birinci mərtəbəsinin bir-iki divarı, pəncərə yerləri qalıb. Və yalnız bir mərtəbəsi qalmış evin ikinci mərtəbəyə çıxan daş pilləkənləri. Bu pilləkənlər boşluğa, havaya çıxır. İkinci mərtəbə yanaraq dağılıb, dağılmayanlar isə qopardılıb. Xaraba qalmış evlərin bir hissəsini abxazlar uçurdaraq, daşlarını götürürlər. Onlar bu daşlardan tikinti materialı kimi istifadə edir. Bir vaxtlar kimlərinsə arasında dəhşətli günlər keçirdiyi divarlar başqa yerə başqalarının içində xoş günlər keçirməsi ümidi ilə tikilən evlərə daşınır. Meqrellərə ev ola bilməyən daşlar bəlkə də bu yolla özlərinə “ikinci həyat” qazanırlar. Gürcüləri abxazların hücumlarından qoruya bilməsələr də, yəqin ki, abxazları küləkdən və yağışdan qoruya biləcəklər…
Günəşdən rubl qazananlar
Yağış Abxaziyaya az hallarda yağır. Amma yağanda da küçələrdə, yollarda palçıq əlindən hərəkət çox çətinləşir. Adi günlərdə iki kənd arasındakı yolu avtomobillə 1 saata getmək olursa, yağışlı günlərdə bu zaman 2 dəfə artır. Və ümumiyyətlə adətən burada 1 saata gedilən məsafə (10-15 kilometr) yollar normal olsa 10-15 dəqiqəyə qət edilə bilər.
Bu yollarda tək-tək hallarda şəxsi maşın görmək olar. Adi vətəndaşın demək olar heç birinin avtomobili yoxdur. Abxaziyada hərəkət edən avtomobillər əsasən beynəlxalq təşkilatlara məxsus CİP-lərdi. Emblemli, işarəli, bayraqlı-filan… Yağışlı və ya günəşli gündən asılı olmayaraq, daim hərəkətdə olan təşkilat maşınlarıdı.
Ümumilikdə Abxaziyada günəşli günlərin sayı daha çox olur. Buraya “günəşli Abxaziya” da deyirlər. Əhalisi də günəşdən pul çıxarır. Abxaziyanın mərkəzi – Suxumi şəhəri yay günlərində turistlərlə dolub-daşır. Müharibədən əvvəl bura gələnlər həm çox olurmuş, həm də ki, daha müxtəlif millətlərin nümayəndələri gəlirmiş. İndi isə şəhərdə demək olar ancaq ruslar olur.
Qədimi arxitekturaya malik binalar, təmiz küçələr digər fəsillərdə boş olur. Amma istəyən istənilən vaxt Qara dənizin sahilində dincələ bilər. Başqa vaxtlar çimmək olmasa da sahildə oturub qaynar qumda bişirilən türk qəhvəsinin dadını çıxarmaq olar. Mavi dənizin təmiz havası da ki, bir yandan…
Günəşdən digər şəhərlərin əhalisi də başqa cür qazanır. Əsasən sitrus bitkiləri əkərək onu satmaqla dolanırlar. Buranın limonu da portağalına oxşayır. Eyni boyda və eyni rəngdə olur.
Qalan bütün ərzaq Rusiyadan gətirilir. “Ölkə”nin öz istehsalı yox səviyyəsində olduğundan və başqa ölkələr tərəfindən tanınmadığına görə mağazalarında bütün məhsullar Rusiya istehsalıdır. Moskva konfeti, şokoladı, südü, yağı… Bu məhsullar Azərbaycanda da arzulanır, ancaq Abxaziyanın başqa seçimi olmadığı üçün Rusiyadan qidalanır.
Elə ölkənin pul vahidi də rus pulu – rubldur. Öz milli valyutası olmayan Abzxaziya müstəqilliyini elan etdikdən bəri rubldan istifadə edir.
“Ölkə”yə gətirilməsi ən çox qadağan olunan məhsullar isə Gürcüstan istehsalı olanlardı. Düşmən dedikləri bu ölkənin məhsullarını Abxaziyaya buraxmamağa çalışırlar. Xüsusən də Gürcüstanı məşhur edən məhsulları – limonad, çaxır, “Borjomi”…
“Gürcü limonadı” deyənin “qulağını kəsirlər”
Qadağanı unutduğumuza görə bir dəfə biz də Suxumi şəhərində az qala problem yaşayacaqdıq. Adicə restoranda. Dəniz sahilində bir restoranda oturmuşduq. Meqrel dostlarımız ofisiant qızdan xaçapuri istədilər. O an başımız qarışdı və özümüzü gürcü restoranında hiss etdik. İçki sifarişi zamanı ofisianta “zəhmət olmasa, gürcü limonadı gətirin” deməyim masada oturanları çətin vəziyyətə saldı. Yerli dostlardan biri öskürəyi ilə mənim dediklərimi eşidilməz etməyə, biri dərhal Azərbaycandan söz salıb qonaq olduğumuzu göstərməyə çalışdı. Digəri də söhbəti fırladaraq başqa içki sifariş etdi. Ancaq bütün bunlar ofisiantın bizə qəzəblə baxmasına mane ola bilmədi. Qız duruşu ilə, gözləri ilə sanki bizə “durun gedin, yoxsa döyüləcəksiniz” deyirdi. Bir neçə saniyədən sonra çevrilib getdi. Biz izə sual içində qaldıq: bizi qovmaq üçün adam çağırmağa getdi, yoxsa sifarişlərimizi gətirməyə? İki dəqiqə sonra süfrəyə “Axa” limonadı gələndə ürəyimiz rahatladı. “Axa” abxaz dilində armud demək imiş. Dostlar tərcümə etməsə də üzərindəki şəkildən başa düşmək olardı.
Bu qadağalara baxmayaraq, hərdən turistlərin istəyi ilə əl altdan “Borjomi” satılır. Bir də ki, Gürcüstandan meyvə və tərəvəzin Abxaziyaya keçirilməsinə göz yumurlar. Yerli sakinlərin dediyinə görə, buna izin verməsələr əhali acından ölər.
Salam davası
Çünki əhalinin başqa məşğuliyyəti yoxdur. Bölgənin mərkəzi sayılan Suxumidən başqa heç bir rayonda və kənddə iş yeri yoxdur. Gənclər həyətyanı sahədə işləməkdən beziblər. Abxaziyanın əyalət rayonlarında insanların hər biri, xüsusilə gənclər hər gün eyni tip həyatı yaşayır. Səhər dururlar, bir az ev işlərinə və əkin işlərinə kömək edirlər və daha sonra gecəyə qədər vaxt öldürürlər.
Elə gənclərin özlərinin dediyinə görə, Abxaziyada kriminal hadisələrin artmasının əsas səbəbi də işsizlikdir. Məktəb müəllimləri, həkimlərlə, çətin tərbiyə olunan uşaqları tərbiyə edənlərlə də kriminogen vəziyyətlə bağlı danışdıq. Söyləyirlər ki, gənclərdə işsizlikdən aqressiya əmələ gəlir. Bəzən olur ki, hətta birinin digərinə salam verməməsi səbəbindən mübahisə və sonra böyük dava düşür. İş bir yana gənclərin vaxtlarını keçirmək üçün də şərait yoxdur.
Əsgərlik yaşı çatanların isə yeni problemləri başlayır. Qeyri-abxaz millətindən olanlar hərbi xidmətdən yayınmaq üçün müxtəlif yollar axtarır. Əsgərlikdə şəraitin çox çətin olduğunu söyləyirlər. Meqrellər üçünsə əlavə bir səbəb var: qulluq edəndə kimə qarşı vuruşacaqlar?
Onlar daha çox heyvanlara qarşı vuruşmağı üstün tuturlar. İl boyu özlərinə müxtəlif cür bıçaqlar düzəldir, tüfəngləri sazlayır, ov mövsümünə hazırlaşırlar. Zamanı gəldikdə demək olar bütün gənclər əllərinə silah alıb, dağlara çıxırlar. Vurduqlarının böyük hissəsini elə dağda da apardıqları şərabla yeyir, qalanını ailələrinə gətirirlər.
“Bibliya”ya, “Quran”a inananlar, Yəhovaya şahidlik edənlər
Ovladıqları əsasən qaban olur. Burada yaşayan qeyri-abxaz millətlər və abxazların təxminən yarısı qabanı və donuzu sevir. Demək olar, onların hər birinin evində donuz saxlanılır. Abxazların yarısı isə bu heyvandan uzaq durmağa çalışır. Bu qism islam dininə sitayiş edir. Qədim zamanlardan abxazların bir hissəsi islama, bir hissəsi xristianlığa inanıb.
Son vaxtlar isə əhali arasında “Yəhova şahidləri” qeyri-ənənəvi təriqəti yayılır. Yeni təriqətə üz tutanlarla ənənəvi xristianlar arasında mübahisələr düşür. Əhali “Yəhova şahidləri” üzvlərini dindən dönməkdə, satqınlıqda ittiham edir. Bəzi ailələrdə valideynlər bir təriqətə, uşaqlar isə başqasına inanırlar. Belə ailələrin özlərinin bizə dediklərinə görə, fərqli inanclar onlar arasında mübahisəyə səbəb olmur.
Şərab içən qəbirlər
İnanclara görə qəbirlər də fərqlənir. Xristian əhalinin məzarlıqları xüsusi diqqət çəkiir. Yerdən yarım, bəzən də 1 metr hündürlüyə qədər daş və betondan hörüb, qəbir yeri düzəldirlər. Meyitləri həmin hündürlüyün içərisində basdırırlar. Bunu qəbirlərin vaxt keçdikcə itib-batmaması üçün edirlər. Yağışa, qara, torpağın yumşaqlığına və zamana qarşı dözümlü olsun deyə.
Hörülmüş ərazi adətən bir neçə qəbir sığacaq böyüklükdə olur. Ailənin bütün üzvləri üçün yer saxlayırlar. Atanın, ananın, övladların öz yerləri olur.
Sonra qəbrin üzərində “ev” düzəldirlər. Daha doğrusu, ev şəklində çardaq. Burada divar kağızlı və ya boyalı divarlar, pəncərə, içəridə stol, stul, güzgü, mebel olur. Belə şəraiti mərhumun özünü evdə hiss etməsi üçün hazırlayırlar.
Qəbirlərin baş tərəfinə isə bir butulka qırmızı şərab və stəkan qoyurlar. Məzarı ziyarət edənlər meyitə şərab “içirdirlər”. Yarım stəkan şərabı qəbrin üstünə tökərək mərhumu anırlar.
Ölülərinə də şərab içirdən insanlar təsəvvür edin, dirilərlə necə içər. Şərab xeyirdə-şərdə süfrədən əksik olmur. Evlərinə gələn qonağa ən azı bir stəkan içirtmədən buraxmırlar. İçməyən olsa, ciddi şəkildə xətirlərinə dəyir, bəzən isə hətta davalara da səbəb olur. Şərab təklif etməyən ev sahibi mədəniyyətsiz, içmək istəməyən qonaq isə ev yiyəsini təhqir etmiş hesab olunur.
Ürəyiaçıqlılığını göstərmək istəyən evin kişisi hərdən müsəlmanları da içirtməyə çalışır. Elə biz də bu ultra-qonaqpərvərliyin əzabını çəkməli olduq. Oçamçir rayonun Reka kəndində ev yiyəsi spirtli içki içmədiyimizi dəfələrlə bildirsək də əlimizə şərab dolu qədəhləri məcburi verib “Bizim evi Allah görmür, iç” – deyə təkid edirdi. Bizimlə olan dostlarımız axırda payımızı içib, bizi xilas etdilər.
Müharibənin içində, içində müharibə gedən məktəblər
Abxaziyada əsasən abxazlara və ruslara xilaskar gözü ilə baxılır. Tanınmamış “ölkəni” “azad” etdiklərinə görə. Küçələrdə isə Abxaziyanın tanınmamış prezidenti ilə Rusiya prezidentinin əl sıxışarkən çəkilmiş fotoları sülh çağırışları edir. Bu fotoların üzərinə “Voyna za mir!”, yəni, “Sülh üçün müharibə!” yazılıb.
Bir orta məktəbin üzərində isə “Biz haradayıq – sülh oradadır” mənasını verən “Qde mı – tam mir” sözləri yazılmışdı. Bu məktəbin içində isə “müharibə” gedir. Dəhlizləri, sinifləri uçuq, pilləkən məhəccərləri qırıq, koridorları qaranlıqdır. Məktəbdə təhsil rus dilindədir.
Burada bəzi məktəblərdə təhsil rus, bəzilərində abxaz, meqrellər yaşayan kəndlərdə isə gürcü dilindədir. Ölkənin 2 rəsmi dili var: abxaz və rus.
Barğebi kənd orta məktəbində isə müharibənin qalıqları arasında dərs keçirlər. 1993-1994-cü illərdə məktəb binasından hərbi sığınacaq kimi istifadə olunub. Elə indi də məktəbdən çox sığınacağa oxşayır. İçəridə sanki səngər qazılıb. Bəzi yerlərdə mərtəbələr arasındakı döşəmə tamamilə uçub, bəzi hissəsində tavan yoxdur. İkinci mərtəbədə koridorun digər tərəfinə getmək üçün təpə adlayırlar. İstifadəsizlikdən bəzi otaqların içində ağac bitib. İmkansızlıqdan məktəbi tam yox, bir-bir otaqları təmir edərək içinə girir, dərs keçirlər.
Bu məktəb bəzi idman yarışlarına qatılaraq yerlər qazanıb. Abxaziya məktəbləri bölgədə olan muxtar respublikalarla çempionatlarda iştirak edir. Tanınmamış “ölkələr” və muxtar respublikalar öz aralarında çempionat təşkil edərək “biz də varıq” deyirlər. Məktəbin direktoru da bizə həmin medalları, yarışlardan fotoları göstərərək, özünü öydü.
“Cip-cip cücələrim”
Həmin direktor öz iş otağında səs gücləndiricilər qoşub əylənməyi sevir. Kompüterində rok oxudaraq, bizə də qulaq asdırdı. Arada gitarasını göstərib “mən özüm də çala bilirəm” deyə öyündü. Gitaranı götürüb bu musiqi alətində ifa edə bildiyim yeganə musiqini çaldım. Direktor və müavini gülərək “ancaq cip-cip cücələrimi bacarırsan?” dedilər. Mahnını tanıdıqlarına təəccübləndim. Sən demə, Gürcüstanda, eləcə də Abxaziyada hamı bizim uşaq mahnısını “məşhur Azərbaycan mahnısı” deyə tanıyır və çox sevir.
Xoş təəssüratlarla sağollaşıb qayıtdıq. İnsanların – istər meqrel, istər abxaz – mehribanlıqlarından da aldığımız müsbət enerji və ayrılıq təəssüfü ilə geriyə qayıtmağa hazırlaşdıq. Həm gürcülərin, həm meqrellərin Azərbaycanla oxşar cəhətləri çoxdur. Bu ərazilərdə olarkən məşhur “Qafqaz mədəniyyəti” anlayışının həqiqi olduğuna əmin olduq. Axı bütün Qafqazın uşaqları “cücələrim”lə böyüyübsə, mədəniyyətləri də oxşar olmalıdır. Amma heyf ki, eyni mahnılarla böyüyən qafqazlılar böyüyəndən sonra bir-biri ilə müharibə aparır…
Mananas House
Biz isə Bakıya maraqlı xəbərlər aparmaq üçün əşyalarımızı yığıb, qayıtmağa hazırlaşdıq. Manana xalanın evində qaldığımız günlərə görə ona təşəkkürümüzü bildirdik. Burada 17 il Birləşmiş Millətlər Təşkilatının sülhməramlıları qalıb. Onlar əsasən Şimali Avropa ölkələrindən olduğu üçün ev başdan-ayağa həmin ölkələrin, xüsusilə Danimarka və İsveçin bayraqları ilə bəzədilmişdi. 2008-ci ildə Cənubi Osetiyada baş verən müharibədən sonra isə Abxaziyadan çıxmalı olublar. Manana xala onlar üçün darıxır. Təkliyini evə gələn qonaqlarla ovutmağa çalışır. Qaliyə gələn xarici qonaqların demək olar ki, hamısı onun evində qalır. Sülhməramlılar onun üçün “facebook” sosial şəbəkəsində “Manana’s House” adlı səhifə də açıblar. Bu evdə qalmış bütün qonaqlar həmin səhifədə bir-biri ilə əlaqə saxlayıb, xatirələrini bölüşürlər.
Təcili qayıdış
Abxaziyadan çıxdıq. Geri qayıdarkən Abxaziya “sərhədində” xırda bürokratik əngəllə qarşılaşanda narazılıq etdik. Abxaziya sərhədçiləri də kinayə ilə “narahat olmayın, qarşı tərəfdə gürcü sərhədçilər sizinlə çox mülayim davranacaq. Onlar bizdən yaxşı insanlardı” deyərək bizi yola saldılar.
Yenə at arabası ilə qayıtmağa hazırlaşırdıq ki, Zuqdidiyə gedən ambulansda sərhədə qədər gedə biləcəyimizi söylədilər. Təcili yardım maşını ilə qayıtdıq. Avtomobilin içərisində olan meqrellərlə söhbət zamanı öyrəndik ki, ambulanslar əsasən Qalidən Zuqdidiyə xəstə aparır. Meqrellər nasaz olanda abxaz həkimlərə elə də güvənmir, Zuqdudiyə gedirlər.
Təcili Tibbi Yardım maşını bizi elə təcili sürətlə gətirdi ki, bu biri tərəfə çatanda gələcək zamana düşdük. Saatlarımızı Tbilisi və eyni zamanda Bakıya uyğun olaraq 1 saat irəli çəkib əvvəl Tbilisiyə, oradan da Bakıya qayıtdıq…