“Sevgi şəhəri” adı necə qazanılıb?…
Gürcüstanın Siğnaği (ingilicsə “Sighnaghi”, rusca “Сигнахи” ) şəhərinə çoxlu turist cəlb etmək üçün şəhər bələdiyyəsi tərəfindən maraqlı bir PR işi görülüb: Bura “Sevgi şəhəri” adı ilə brendləşdirilir. Axtarış saytlarında, sosial şəbəkələrdə şəhərin adını istər rus, istər ingiliscə axtararkən mütləq adın qarısında bu ifadəni “City of Love” və ya “Город Любви” formasında görəcəksiniz. Bəs haradan gəlir bu sevginin tarixi?… Burada Leyli və Məcnun kimi biri yaşayıb?… Xeyr. Bir-birinə qovuşmaqlarına icazə verilməyən sevgililər Siğnaği qalasından özlərini atıb əbədiyyətə qovuşublar?… Xeyr.
“Sevgi şəhəri” kimi mövqeylənmənin cəmi 5 il tarixi var: 2011-ci ildə şəhərdə fəaliyyət göstərən nikah qeydiyyat şöbəsi beynəlxalq status alıb (burada bağlanan nikahlar dünyanın əksər ölkəsində tanınır) və 24 saat işləyir. Əslində, 24 saat işləyir deyərkən – axşam və gecə saatlarında idarədə heç kəs olmur, sadəcə zəng edirsiniz əməkdaşlar gəlib nikahınızı qıyır. Amma beynəlxalq status və 24 saat işləməklə “sevginin, evlənməyin vaxtı olmur” tipli mesaj verərək hər kəsi Siğnağidə nikah bağlamağa dəvət edirlər. Bu şəhərdə evlənmək üçün isə sadəcə bunlar lazımdı: nikaha girənlərin gürcü dilinə notarial təsdiqlə tərcümə olunmuş xarici passportu, 2 nəfər şahid, 51 lari pul, 1 kəllə qənd, vəssalam, şüt tamam. Hər həftə gürcülərlə yanaşı dünyanın müxtəlif ölkələrindən turistlər buraya gəlib nikah bağlayırlar. Elə bizim qaldığımız qonaq evinin 2 nəfər polşalı sakini də Siğnağiyə evlənmək üçün gəlmişdi.
“Sevgi şəhəri” statusu şəhərə əlavə xeyli turist gətirir. Əhalinin əsas gəlir mənbəyindən biri turizmdir. 1500 nəfər sakini olan şəhərdə onlarla otel və qonaq evi var. (40-a yaxınını Booking.com saytından tapa bilərsiniz). Əhalinin bir qismi öz evinin bir neçə otağını qonaq evi kimi turistlərin ixtiyarına verir. Şəhərin əksər sakinləri, taksi sürücüləri. satıcıları turistlərə qarşı nəzakətlidirlər və bəzən turistin nazı ilə oynayır. Qiymət davası etmir, xırdaçılıqlara getmirlər.
Şərab mərkəzi
Şəhərin digər və daha qədim gəlir mənbəyi isə şərabçılıqdır. Məhz Siğnağinin yerləşdiyi Kaxeti vilayəti Gürcüstanın şərab mərkəzi hesab olunur. Ən dadlı üzümlər buradakı Alazaniya vadisində yetişir.
Şəhərə adı azərbaycanlılar qoyub
“Siğnaği” dilimizdəki “sığnaq”, “sığıncaq” sözlərindən götürülüb. Bunu yerli əhali də bu cür nəql edir, internet mənbələri də. Belə ki, burada yaşayan əhali xarici hücum olan zaman qalanın içinə sığınıb və özünü müdafiə edib.
Qala divarlarının içində qədim içəri şəhər qalıb. Buranın ərazisi 40 hektardır. Siğnağililər bu şəhər divarlarını Çin səddi ilə müqayisə edir və uzaq Şərqdəki divardan sonra uzunluğuna görə onun dünyada ikinci olduğunu deyirlər.
Azərbaycanda Xocalı rayonunda da Sığnaq adlı kənd var.
Şəhərdən fotolar