Gün boyu mobil operatorların Qarabağ bölgəsində yaşayan istifadəçilərinə dəqiqə hədiyyə etməsi xəbəri sosial şəbəkələrdə bir xeyli danışıldı. – “Bakcell” ardı ilə “Azercell”, axşam isə “Nar Mobile” şirkətləri Qarabağda gedən savaşlarla əlaqədar Ağdam, Füzuli və Tərtərdə yaşayan insanların yaxınları ilə xəbərləşmələrinə dəstək olmaq üçün abonentlərinin balansına pulsuz dəqiqələr əlavə etdi. Gözəl təşəbbüsdür. Xoş iş görüblər. Alqışlar…

Bu həm də gözəl PR addımıdır. İlk deyil, Türkiyə təcrübəsindən faydalanılıb. 2011-ci ildə Van vilayətindəki zəlzələ zamanı bu ölkədə fəaliyyət göstərən demək olar ki bütün mobil operatorlar, internet provayderlər, ev/ofis telefon xidməti göstərən şirkətlər belə addım atmışdılar. Biraz daha geniş şərtlərlə.

Bizim mobil operatorlar xeyriyyəçiliklərinin, yaxud PR addımlarının daha da gözəl olması, xoş qarşılanması üçün bəzi məqamlara diqqət edə bilərdilər:

Media vasitəsilə yaymamaq olardı

Bu cür sosial yönlü fəliyyətləri maksimum dərəcədə incə və həssas etmək lazımdır. Yaxşı olardı ki, bu barədə məlumat media vasitəsilə və operatorların sosial şəbəkələrdəki səhifələrində yayımlanmazdı. Çünki, burada xeyir işdəki PR məqsədi qabarıq görünür. Onsuz da balansına dəqiqələr əlavə olunan şəxslərə bu barədə bildiriş SMS-i gələcək və özləri xəbərdar olacaqdılar. Və onsuz da bu barədə məlumat istifadəçilər, sakinlər, onların qohumları vasitəsilə ictimaiyyətə məlum olacaq və mediaya qədər də gedib çıxacaqdı (Və ya daha sonra məlumatı mətbuata ötürüb təbii yolla mediaya sızdığı imicini də yaratmaq olardı). Bu halda operatorlar təvazökar imic qazanacaqdılar.

Adlarını qabartmamaq da

“Təvazökar” demişkən, şirkətlərin yayımladıqları məlumatlarda göstərilən xidmətlə yanaşı özləri barədə ümumi məlumatı bu xəbərə əlavə edib. “Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi…” tipli ifadələrlə özünü qabartmağa ehtiyac yox idi. Bu, yenə əsas məqsəddən kənarlaşaraq (əhaliyə yardım etmək məqsədi) şirkətin özünü reklam etmək niyyətini biruzə verir.

Niyə 50? Niyə 60?

Niyə “Bakcell” 50 dəqiqə verdi? Niyə məhz bu qədər? Nəyə əsasən hesablanmışdı ki, o sakinlərə 50 dəqiqə lazımdır 1 ay üçün? Simvolikdirsə bu mobil operator öz yığım kodu olan 55 rəqəmindən istifadə edə bilərdi, məsələn. Yaxud yuvarlaqlaşdırıb 1 saat edə bilərdi – 60 dəqiqə. Bax, “Azercell” niyə 60 verdi? İlk təşəbbüskardan sonra ondan 10 dəqiqə artıq verməklə fərqlənmək istədi?… 10 dəqiqə… Axı bu dəqiqələri vermək operatorlara elə bir itki yaşatmır. Sadəcə, o dəqiqələr qədər qazancdan imtina etmiş olurlar. Buradakı əhalidən belə vəziyyətdə qazanc güdmək də onlara yaraşmaz və məncə buna ehtiyacları da yoxdur.

Verdiyimi özümə qaytar!

“Bakcell’’ və “Azercell”in məlumatlarında qeyd olunur: “bu hədiyyə dəqiqələr yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər”. Bu iki şirkətin hər biri düşünür ki, o ərazidə yaşayan əhali və onların qohum-tanışı yalnız onun mobil operatorundan istifadə edir? Belə çıxır ki, mobil operatorlar “sənə verdiyim dəqiqələri özümə qaytar” deyir. Yenə də çətin şəritdə yaşayan əhali ikinci planda qalır, şirkət öz dəqiqələrinin hara xərclənəcəyini güdür, cibini düşünür kimi görünür. Axşam “Nar Mobile” “hər yönə 100 dəqiqə, 100 SMS və 100 GB internet” deyərək bu məsələni öz adına düzəltdi.

Sakinlərin həll etməli olduqları misallar: 50/26= ? və 60/26 = ?

Sonuncu şirkətin elanında həm də vacib “hər gün” ifadəsi var. Bəli, bu daha düzgün addımdır. Çünki 1 ay müddətinə verilən 50, yaxud 60 dəqiqəni istifadəçi necə, nəyə əsasən bölməli idi? Bəlkə, ayın 10-u daha vacib məsələ olacaqdı ki mütləq onu bölüşməlidi, bəlkə də aprelin 30-u olacaqdı bu mühüm xəbər? Deməli, sakinlər vaxtı bərabər bölmək üçün verilən dəqiqələri aprelin sonunadək qalan günlərin sayına bölüb 1 günə düşən 1.9 və 2.3 dəqiqəni tapmalıdırlar.

Yalnız sakinlərə yox, müvəqqəti bu ərazilərdə olanlara da hədiyyə etmək olardı

Digər məsələ – balansın yalnız sakinlərə hədiyyə edilməsi. Həmin ərazidə işləyən, müvəqqəti o tərəflərdə olan, hərbi xidmətdə olanlar üçün verilmir həmin balanslar. Amma bunu qeydiyyatda olan sakinlər üzrə yox, həmin rayonlarda olan antennaların əhatə dairəsinə girən bütün abonetlərə etmək olardı. Bəlkə də əslində bu cür edilib, məlumat yalnış ötürülüb.

P.S. “Bəy verən atın dişinə baxmazlar” deyib keçmək olardı, əgər bu “atlar” PR “atı” olmasaydı.

Paylaş

Bir cavab yazın