“Oğlan evi 2” filminin PR bucağından resenziyası
Bir neçə gün əvvəl dostlarla bərabər “Oğlan evi 2” filminə güldük. Baxmadıq, məhz güldük. Komediya dozası yüksək, real həyatda qarşılaşa biləcəyimiz zarafatların cəmi və bir qədər də artığı toplanıb filmdə. Gözəl ssenari, gözəl görüntü, gözəl aktyor oyunu və “gizli reklamlar”ın gözəl yerləşdirilməsi.
Bir neçə aydır ki, ölkədəki əksər filmsevərlərin dilindən və klaviaturasından “Oğlan evi 2” sözü düşmür. Filmin komandası buna necə nail olub?
Yaxşı PR: diqqət çəkdilər, maraq oyatdılar
Filmin çəkilişinə başlanan andan KİV-lə sıx əlaqə qurdular. Gedişat barədə mətbuata xülasələr göndərildi, jurnalistlər çəkiliş meydanına dəvət edildi, filmin çəkilişi prosesində baş qəhramanlarla və rejissorla müsahibələr təşkil olundu.
Sosial şəbəkələrdə müəyyən çəkisi, nüfuzu və müəyyən spesifik auditoriyası olan şəxslər, ictimai fiqurlar və səhifələr bu film barədə statuslar yazdı, videolar paylaşdı (minlərlə). “Oğlan evi 2″nin treyleri son 2 həftə ərzində ən çox tövsiyyə olunan “YouTube” videosu oldu.
Bayır reklamları, radio və TV reklamları, o cümlədən, tərəfdaşlıq layihələri (“Avtostop” seansları), kinoteatr və TM-lərdə xüsusi stendlər.
Bütün bu işlərlə “Oğlan evi 2” Azərbaycan kinosu həvəskarlarının gözlədiyi kino ola bildi.
Filmin “product placement”i
Filmin içindəki gizli reklamlar da incə işlənib. Pradakt pleysmentdən əsasən yerində və qaydasında istifadə olunub.
*”Gizli reklam” (ingiliscəsi “product placement”) – yaradıcı məhsulun (film, TV proqram, klip, kitab, kompyuter oyunları və s.) içində kommersiya dəyəri olan başqa bir məhsulun yerləşdirilməsi. Buradakı gizlilik reklam olunan məhsulun gizlədilməsi yox, reklam olması vurğulanmadan reklam edilməsidir.
Bu filmdə 5 şirkətin məhsulu yerləşdirilib: baş sponsor “Kapital Bank”a və onun “1 kart” brendinə aid atributların fonda və ön planda görünməsi – 20 saniyə. Bankın adının final səhnədə səslənməsi. Sponsorlar: “Nar” – 30 saniyə təsvir. “Lalafo” – 6 saniyə təsvir, 3 saniyə audio. Tərəfdaşlar: “Great Wall Motors”un “Haval” avtomobilinin görünməsi – 20 saniyə, “Anadolu” retoranının adının çəkilməsi – 3 saniyə audio.
Mənim xoşuma gələn bu reklamların filmdə qabarıq formada və yamaq kimi yox, ssenarinin bir hissəsi kimi görünərək təqdim edilə bilməsidir. Əslində filmlərdə pradakt pleysment bu formada da olmalıdır. Lakin, Azərbaycan reallığında TV proqramlarda, seriallarda sponsorların necə təsvir olunduğunu gördüyümüz üçün “Oğlan evi”ndəki adi peşəkarlıq adama xoş təsir edir.
Çox yerdə adı yerləşdirilmiş məhsul reklamdan daha çox zərurət kimi görünüb. Ssenariyə elə incəliklə işlənib ki, bəzi replikalar məhz o reklamla daha maraqlı alınıb. Filmin ortasında “Nar”ın, sonunda isə “Kapital Bank”ın filmin yaradıcı həllə xidmət etməsi həm film adına, həm sponsor adına gözəl işlənib. Hiss olunur ki, ssenari yazılıb qurtardıqdan sonra uyğun şirkətlərə sponsorluq təklifi göndərilib. Sponsorun diqtəsi ilə ssenari yazılmayıb.
Yalnız “Lalafo”nun reklamı məzmuna tam uyğun yerləşdirilməyib. Filmə baxanlar bilər – personajlardan biri oğurlanan avtomobilin əvəzində zərərçəkmişə ona oxşar başqa “maşın” axtarır saytda. Amma bu 2 yoldaşın heç birinin avtomobil almağa pulları qalmadığı üçün biraz məntiqsiz çıxır. Onun əvəzində oğurlanmış avotmobilin satılmaq üçün sayta qoyulub-qoyulmadığına baxa bilərdilər.
Amma ümumilikdə Azərbaycan seriallarında evin içində sponsorun bannerinin qoyulduğunu da görmüşük, şirkətlərin aktyorlara və TV proqram aparıcılarına öz sosislərini yedizdirdirib təriflətdiyini də. Bu filmdə isə heç bir məhsul təriflənmir, sadəcə filmin ssenarisinə uyğun formada adı keçir və ya görünür. Belə biznes mühiti olan yerdə şirkətləri peşəkar qaydalara uyğun məhsul yerləşdirməyə razı sala bildiyi üçün filmin aidiyyəti işçilərinə ayrıca təşəkkür düşür. Əlbəttə bu cür sponsorluğa və tərəfdaşlığa razı olan şirkətlərin özünə də. O şirkətlərin rəhbərliyi həqiqətən inansınlar ki, “qışqır”mayan reklamlar daha az qıcıq oyadır və daha yaxşı formada şüuraltına işləyir.
Filmdə reklam olarmı?… Bəs, bu qədər olarmı?…
Bu filmlər xeyriyyə məqsədi ilə çəkilmir. Onun üzərində əziyyət çəkənlər pul qazanmaq istəyirlər. Filmin nümayişindən Azərbaycanda çox az qazanc götürmək olur. Adətən kinoteatrlardan gələn qazanc filmin xərcinin heç 50%-ini ödəmir. Məsələn, Azərbaycanda kassalarda satılan biletlərin yalnız 2 manat 15 qəpiyi film sahibinə ödənilir.
Ona görə, dünyaya film çəkməyi öyrədən Avropa və ABŞ həm də filmlərdə məhsul yerləşdirərək xərci ödəməyi də öyrədib. Hətta böyük mükafatlar alan məşhur filmlər arasında başdan ayağa pradakt pleysmentdən ibarət olanlar da var, sırf şirkətin öz reklamı məqsədi ilə sifarişi ilə çəkilmiş filmlər də var.
Ceyms Bond filmlərində ənənəvi 2 amil maraq çəkir: Bond qızları və Bond avtomobilləri. Bu seriyada çəkilmiş bütün filmlərdə mütləq qəhrəmanın sürdüyü avtomobil filmdə özəl bir yer alır. Bondun geyimləri və aksesuarları da bir yana.
“Taxi” filmlərinin hamısı başdan ayağa “Peugeot” avtomobillərinin reklamı deyilmi? Və ya film boyu “Chevrolet Camaro”nun reklam olunduğu “Transformers”, “Mini Cooper”lərin reklam olunduğu “The Italian Job” və “Pixels” kimi filmləri yada salaq.
90 dəqiqəlik reklamlar filmi kimi çəkilmiş “Truman Show”, Sırf “FedEx”in və “Wilson”un reklamı üçün çəkilmiş “Cast Away” filmi. Yaxud, “Top Gun” və “Risky Business” filmlərində Tom Kruz o qədər “Ray Ban” taxır ki, aktyoru daha sonra eynəksiz təsəvvür etmək olmur. ABŞ istehsalı filmlər əgər tarixi deyilsə görüntüdə “Apple” noutbukları olmadan təsəvvür edirsiniz?
Yaşasın sponsor, inkişaf etsin film
Kommersiya məqsədi ilə çəkilmiş Azərbaycan filmlərini də uzun müddət reklamlarsız təsəvvür etmək olmayacaq. Pradakt pleysmentin olması və çox olması problem deyil, buna öyrəşək və alqışlayaq. Sadəcə ən az “Oğlan evi” filmlərindəki kimi səliqə ilə istifadə olunsa gözəl olar. Əksinə sponsorlar filmləri maliyyələşdirməsə kinomuz inkişaf etməyəcək. Azərbaycan kinosunun inkişafı adına bilet alaq, kinoya gedək, bütün filmləri izləyək. Şirkətləri filmlərə sponsor olmaları üçün təşviq edək. Seçim imkanımız varsa film sponsoru olan şirkətlərin məhsullarını alaq.
Yanaşmanı çox bəyəndim. Filmə baxmağa gedəcəm. Təşəkkürlər Vüqar Baba 🙂