“CBC Sport” kanalının Futbol üzrə Avropa Çempionatının (AÇ) keçirildiyi Fransadan canlı yayımlanan, lakin Bakıdan yayımlanırmış kimi görünən “cansız” proqramı “Paris Gündəliyi”… Bu veriliş sözün neqativ mənasında çox təəccübləndirdi.

Sözü gedən layihəyə “Euro 2016” ilə bağlı başlanılıb.  TV-nin əməkdaşları Fransa paytaxtına ezam olunaraq yarışın keçirildiyi ölkədən gün ərzində bir neçə dəfə canlı verilişlərlə efirə çıxırlar.

TV-dən,  sosial mediadan yayımlanan reklam xarakterli məlumatlarla möhtəşəm bir proqram olacağı deyilirdi.  Axı özlərinin də dediyi kimi ilk dəfə idi ki, Azərbaycandan bir TV əməkdaşları iri miqayaslı çempionat zamanı oyunların keçirildiyi ölkəyə gedirdi. Amma gözləntilər doğrulmadı,  nəticə böyük bir HEÇ oldu.

Çünki, bu verilişdə futbolu hiss etdirən heç nə yoxdu. Kanalın ən reytinqli və ən peşəkar 2 şərhçisi Eyfel qülləsinin yaxınlığındakı bir binada Bakıdakı adi tamaşaçı kimi televizorda futbola baxır, oyun bitdikdən sonra  kamera qarşısına keçərək canlı yayımda 7-8 dəqiqə ərzində öz fikrlərini bildirirlər. Rüstəm Əfsərli və Doktor Ziyanın Parisdə olduqlarını yalnız arxa fonda görünən qüllə bildirir. Amma futbolu Eyfel qülləsi oynamır ki, futbola aid verilişin hər buraxılışında o qüllə göstərilsin.

Görüntüdə futbolla bağlı heç bir detal, azarkeş filan olmur.  Məqsəd Eyfel qülləsinin fonunda danışmaq idisə, bunu Bakıda da etmək olardı. Çünki dayandıqları rakursa görə, bu qüllə ekranda onsuz da bir foto kimi görünür, onun ətrafında heç bir hərəkət baş vermir.

Axır ki, bu yazını yazarkən, şərhçiləri bir dəfə küçəyə çıxan gördüm. Rumınya-İsveçrə oyunundan əvvəl yayımlanan canlı efir zamanı bu matçın keçiriləcəyi stadiona gedən yolun kənarında durub danışırdılar. Parisdə olmayan oyunlar zamanı isə yenidən eyvana qayıdacaqlar.

Səhvlər çoxdur:

  • Futbol üçün ezam olunmuş jurnalistlər futbol zamanı oyunu stadiondan canlı şərh etmirlər.
  • Ümumiyyətlə, jurnalist kimi stadiona girə bilmirlər.
  • Mətbuat konfranslarında iştirak edə bilmirlər.
  • Oyunlardan kənarda da futbolçuları tapmağa müsahibələr almağa çalışmırlar.
  • Şəhərdə olan müxtəlif ölkələrdən gəlmiş minlərlə azarkeşlərdən müsahibələr alınmır, fikrləri, emosiyaları təqdim olunmur.
  • Ümumiyyətlə, Paris küçələri, oradakı futbol həvəskarları göstərilmir. Futbolun həyəcanı duyulmur.
  • Axı futbol yalnız Parisdə deyil, oyunlar 10 şəhərdə keçirilir. Ancaq Parisdə oturmaqla hansı imic yaradılmağa çalışılır?

Jurnalistlərin akkreditasiyadan keçməməkləri bir ayıb, tənbəl olmaqları digər ayıb. Kameranı götürüb küçəyə çıxa bilər, rəngarəng görüntülər çəkə bilərlər, insanlarla söhbət edib onların emosiyalarını göstərə bilərlər. Ən maraqlı yerlərdən olan – fan zonalardan reportajlar hazırlaya bilərlər.

TV reportyorluğu qaydalarına görə də bu cür olmalı idi – jurnalist hansısa hadisə ilə əlaqədar həmin məkandadırsa hadisəyə maksimum yaxın olmalı, daha dəqiq – hadisənin içində olmalıdır, tamaşaçıya hər şeyi göstərməyə çalışmalıdır. Əgər bunu etməyəcəksə jurnalistin hadisə yerinə getməsi mənasız və artıq hərəkət kimi qiymətləndirilir.

Belə bir uşaq oyunundansa Bakıda daha lazımlı ola bilərdilər. Qalıb futbolu özləri şərh etsəydilər bəlkə də AÇ-yə Rusiya və Türkiyə kanallarında baxanların bir qismini “CBC Sport” kanalına baxmağa həvəsləndirərdilər. Bu halda isə həm TV-nin özü, həm futbol tamaşaçıları üçün itkidən başqa bir şey deyil. Həm “Euro 2016” ilə paralel keçirlən Amerika Kuboku ilə əlaqədar kanalın şərhçilərinin bir qismi həmin çempionatı şərh etmək üçün ayrılıblar, kanalda şərhçi qıtlığı da var.

Nəticədə “CBC Sport”un, aparıcılar Əfsərli və Doktorun “Paris Gündəliyi”nə 2 düşür.

 

Paylaş

Bir cavab yazın