Xəbərin başı sağ olsun

Balıq başdan iylənər, xəbərsə başlıqdan. Təqdim olunan xəbərlərin başlığı həmin məlumatın içindəkilərin nə qədər sağlam olub-olmadığını göstərir. Azərbaycan mediasında isə qeyri-peşəkarlıq iyi gələn başlıqlar tez-tez qabağımıza çıxır. Bir neçə konkret nümunə var ki,  həmin tip başlıqlar xüsusilə çox yayılıb. Məsələn…

1) Anonsvari başlıqlar

Xəbərin özü təqdim olunmur, xəbər barədə xəbər verilir. “Filankəs Filankəsov müharibə barədə məlumat verdi”, “Filan nazirlikdən sərt açıqlama”  formalı başlıqlar var. Kimsə açıqlama veribsə və bu açıqlama xəbər olmağa layiqdirsə o zaman elə başlqıda həmin açıqlamada nə deyildiyi barədə qeyd olunmalıdır. “Filankəs Filankəsov müharibəyə başlayacaqlarını bidlirdi” olsa daha düzgün olar. Xəbər yazırsınızsa başlığından tutmuş ən sonuncu cümləsinə qədər xəbər yükü daşımalıdı bütün cümlələr.

2) Oxucu tələyə salınır

Bəzən elə başlıqlar olur ki, əslində yalan danışmasa da oxucunu aldadaraq xəbəri oxutdurmağa hesablanıb. Məsələn, “Nəqaliyyat naziri qəzaya uğradı” formasında başlıq. Və ya “Nadir Qafarzadə bıçaqlandı” sərlövhəli xəbər. İlk baxışda normaldır və hər kəs ictimai fiqurlarla bağlı bu tip xəbərləri maraqla oxumaq istər.  Amma bu tip xəbəri açıb oxumaq istəyəndə görürsən ki, söhbət ya Banqaladeşin, ya Yeni Qvineyanın nəqliyyat nazirindən gedir. Yaxud,  Nadir Qafarzadənin məşhur müğənni yox, sadəcə ad və soyad uyğunluğu olan sadə bir vətəndaş olduğunu öyrənirsən.  Belə hallarda oxucu özünün yüngül desək, aldadıldığını anlayır. Onun üçün xəbərin əhəmiyəti qalmır.

Ona görə də bu tip başlıqlar bir növ oxucu tələsidir. Əsasən saytlarda belə başlıqlar qoyulur ki, internet başında oturan şəxs xəbəri klikləyib yazı olan səhifəyə daxil olsun və saytın sayğacı daha çox adamın xəbəri oxuduğunu hesablasın. Halbuki, məsələnin nə yerdə olduğunu görən oxucu o dəqiqə səhifədən çıxır (Çox vaxt yazarı söyə-söyə çıxdıqlarının da şahidi olmuşam).

Əvvəla, bu birbaşa aldatmaqdır. Bu tip media orqanları oxucularına hörmət etmədiklərini göstərir. Ciddi, oxucusuna hörmət edən media orqanları başlıqda xəbərin nədən bəhs etdiyini açıq yazar və oxucusu o xəbərin ona lazım olub olmadığına qərar verib ya oxuyar, ya da oxumaz.

Deyilən üsula əl atan media orqanlarının “Yalan demirik ki, orada da qəzaya düşən nazirdir” və ya “Bıçaqlanan şəxsin də  adı Nadir, soyadı Qafarzadədir” arqumentləri ola bilir. Amma ola bilməz ki, həmin jurnalistlər sadə məntiqi bilmirlər: Xəbər Azərbaycan saytında, qəzetində yazılırsa və hadisənin baş verdiyi ölkənin adı başlıqda verilmirsə bu həm sadə məntiqlə, həm də jurnalistika qaydalarına görə, o deməkdir ki, hadisə Azərbaycanda baş verib. Və ya, əgər hər hansı bir hadisə iştirakçısı sadə vətəndaşdırsa onun ad və soyadının başlığa çıxarılmasına ehtiyac yoxdur. Çünki bu ad və soyad oxucuya heç bir məlumat verməyəcək. Məşhurların, ictimai fiqurların adları sərlöhvəyə çıxarıla bilər. Profesional jurnalist də, hər növ oxucu da bunu bu cür başa düşür və qavrayır. Ona görə də başlıqda verilən ad soyad şəxsin ictimai fiqur olduğunu göstərir. Bu qaydaları bilməsəydilər həmin saytlar məsəl üçün “Məmməd Məmmədov bıçaqlandı” sərlövhəli xəbərlər yazardılar.

Daha çox oxunmaq istəyirsən jurnalist, media qurumu bu istəyinə öz oxucusunu aldatmaqla nail olmamalıdır. Əks təqdirdə, insanlar qəzet və sayt oxumamaqda haqlıdırlar.

3) Başlıqda sitat

Vərəqlədiyimiz qəzetlərdə, açdığımız saytlarda az qala xəbərlərin yarısı sitat başlıqlarla verilir. Kiminsə adı, daha sonra iki nöqtə qoyulur, dırnaq açılır, və həmin adamın fikri yazılır, dırnaq bağlanır. Bəzən isə heç sitat müəllifinin adı olmur, yalnız dırnaq arasında kimə aid olduğu məlum olmayan bir fikr gedir. Başlıqda sitatın verilməsi isə beynəlxalq jurnalsitika prinsiplərinə görə qətiyyən olmaz. Çünki…

1) Hər hansı hadisəylə, məsələ ilə bağlı müxtəlif tərəflərin fikrləri alınıbsa və başlığa onlardan yalnız birinin fikri çıxarılırsa, bu jurnalistin tərəf tutduğunu göstərir. Yaxud, fikrini aldığı adamı reklam, PR etmək istəyini göstərir. Bu cür hallar jurnalistika etikasına ziddir.

2) “Bəlkə cəmi bir nəfərin fikrini alıb?” İçində belə sual doğacaq jurnalistlərə beynəlxalq standartlar konkret cavab verir: bir nəfərdən alınmış məlumat qətiyyən xəbər ola bilməz. Bu ya reklam materialıdır, ya da jurnalistin hansısa məsələdə bir tərəfə haqq qazandırmaq istəyini göstərəcək ki, jurnalistin də hansısa tərəfi tutmaq ixtiyarı yoxdur.

4) Şok başlıqlar

“ŞOK!”, “Tükürpərdici olay”, “Maraqlı faktlar”, “Heyrətləndirici hadisə” və buna bənzər rəy dolu başlıqlar. Bu tip başlıqlar sanki oxucudan a) şok olmağı, b) tüklərinin ürpərəyini, c) yazılan məluamtıların ona mütlq maraqlı gəlməsini, d) heyrətlənməsini istəyir. Yəni, oxucunun hissiyyatına müdaxilə edir. Belə çıxır ki, o xəbəri oxuyub şok olmayan, tükləri ürpəşməyən oxucu özündə bir problem axtarmalıdı. Bunlar məsələnin bir tərəfi…

Digər tərəfdən, axı xəbərlə bağlı konkret tələb var ki, nəinki başlıqda, heç xəbərin içindəki bir cümlədə də hiss bildirən, rəy bildirən ifadə olmamalıdır. Bunlar jurnalsitikanın dəyişməz təməlləridir.

Bu sıranı daha da uzatmaq olar… Amma başınızı çox ağrıtmaq istəmirəm. 

Paylaş

Bir cavab yazın